Gənclər üçün Yay Düşərgəsi
Tarix: 30.06.2008  |  90 dəfə oxundu

Ayaqizi Gənclər Qrupu 25-29 İyun, 2008 il tarixlərində “Əsrarəngiz Azərbaycan Xatirələri” adlı Gənclər Düşərgəsi həyata keçirdi. Layihə Azərbaycan Gənclər Fondunun 2008-ci il üçün elan etdiyi qrant proqramı zamanı Gəncə Gənclər Fonduna təqdim edilmiş və Fond tərəfindən bəyənilərək dəstəklənmişdir.
Layihənin əsas məqsədi Gənclərin asudə vaxtının səmərəli təşkili ilə yanaşı, müxtəlif regionlardan olan gənclər arasında şəbəkələşməni gücləndirmək, bu regionun tarixi, ekoloji, turistik imkanları barədə gəncləri maarifləndirməkdən ibarət idi.
Müraciət edən gənclər arasından gender balansı nəzərə alınmaqla 17-27 yaş arasında olan 25 nəfər gənc onların ərizələrində qeyd olunan profillərinə və ərizə formasında əks olunan ərizəçinin motivasiyasına əsaslanaraq seçilərək xəbərdar edildi.
Düşərgədə iştirak edən gənclər 25 İyun tarixində Gəncə şəhərində qarşılanaraq düşərgəyə aparıldı. Düşərgə gözəl təbiətə malik olan Toğanada, Azərbaycanın nadir incisi sayılan Göy-gölə yaxın bir ərazidə təşkil olunmuşdu. Düşərgə, çadırlarda qalmaqla çöl şəraitində təşkil edilmişdi. 25-29 İyun tarixlərində, 5 gün müddətində iştirakçılar müxtəlif intelektual və əyləncəli oyunlar, qrup işləri və rol oyunları oynadılar. Gəncədə ekskursiya təşkil oldundu. Göy-gölə səfər isə gənclər üçün dahada maraqlı oldu.
Düşərgə ərzində “Gəncə Gənclər Fondu”nun ekspertləri, Gələcəyə Körpü GİB-dən və Xanlar rayon gəncləri qonaq gələrək iştirakçılarla görüşdülər. Düşərgənin sonunda iştirakçılar arasında qiymətləndirmə oldu, iştirakçılar düşərgə ilə bağlı fikirlərini iştirakçılarla bölüşdülər, təklif və iradlar müzakirə olundu.