|
Bugün müxtəlif gənclər təşkilatları və təşəbbüs qrupları müxtəlif səpkidə işlər görməklə cəmiyyətdə bu və ya digər anlamda “ayaqizi” qoymağa səy göstərir.
“Ayaqizi” gənclər qrupu isə konkret olaraq, gənclərin asudə vaxtlarını səmərəli və əyləncəli keçməsi üçün ekskursiyalar təşkil edirlər. Cəmi bir neçə ay yaranmasına baxmayaraq, qrup bu qısa müddət ərzində Səlyan, Şəmkir, Sabirabad, Bərdə, İsmayıllı, Şəki, Qəbələ, Sumqayıt, Gəncə və digər regionlardan olan fəal gənclərin bir araya gələrək, ölkəmizin ən güşəli yerlərində müxtəlif tarixi-mədəni ekskursiyalarda iştirakına şərait yaratmışdır.
17 İyun 2007-ci il tarixdə isə qrup, fəal üzvlərin təklifləri əsasında Xoşbulaq və Toğanaya səfər planlaşdıraraq onu uğurla gerçəkləşdirdi. Səyahət Gəncə → Xoşbulaq → Hacıkənt → Toğana → Gəncə dairəvi marşrut üzrə keçirildi.
Görüş müxtəlif regionlardan olan gənclərin bir-birilə tanışlığına sirayət etməklə, onların asudə vaxtlarının olduqca əyləncəli keçməsinə, adı çəkilən yerlərin gözəl təbiəti və qədim tarixi ilə yaxından tanış olmasına da yardımçı oldu.
Ilk olaraq Xoşbulağa yola düşən gənclər orada yadda qalan ayaqizi qoyduqdan sonra Toğanaya gəlmək üçün Hacıkənt istiqamətində yola çıxdılar. Hacıkəntdən keçən digər səyyahlar kimi bizim qrup üzvləri də yol üstü "qoşa bulaq"da ayaq saxladılar. Bu zaman Azad Azerbaycan televiziyasının (ATV) “yağ kimi” proqramının işçi heyyəti də çəkilişə gedərkən yol üstü burada dayanmışdılar. Biz qonaqlarla görüşdük və Ayaqizi qrupu barədə qısa söhbət apardıq. Aparıcı Zaurun Ayaqizi qrupu haqqında dedikləri Zaurun dili ilə: “Mən çox sevinirəm... Bu çox gözəl faktdır ki, Azərbaycanda bu cür gənclər birliyi yaradılmışdır. Çox sevindirici bir haldır ki, gənclər asudə vaxtlarını boş-boş şeylərlə deyil, gözəl təbiət qoynunda keçirmək üçün məs "Ayaqizi" qrupu adı altında bir araya gəlmişlər. Ən əsası odur ki, qoyacağınız hər yerdə sizin ayaqiziniz hiss olunsun. Sadəcə olaraq izi qalmasın hiss olunsun ki, bax belə bir ayaqizi var! Sizlərə uğurlar azulayıram!”.
Daha sonra yolumuza davam etdik. Uzun və maraqlı yoldan sonra biz nəhayət mənzil başına, yəni Toğana istirahət mərkəzinə çatdıq. İnsan əlindən yer olmayan bu məkanda özümüzə yer elədikdən sonra proqramda nəzərdə tutulan hər bir işi layiqincə yerinə yetirdik. Hər bir incə detalı kameramızın gözü ilə qeydə aldıqdan sonra yenidən Gəncəyə qayıtdıq. Maraqlı və yadda qalan təəssüratlar üçün Ayaqizi qrupuna minnətdarıq.
Vüsalə Hacıyeva
|