|
30 noyabr - 1 dekabr 2007-ci il tarixlərdə “Ayaqizi” Gənclər Birliyi və Azərbaycan Gənclər Turizm Klubu (AGTK) birlikdə Gəncə şəhərində “Gənclərdən turizmə dəstək” layihəsi çərçivəsində 2 günlük seminar-tur təşkil etmişlər.
Layihənin əsas məqsədi gənclər arasında şəbəkələşməni gücləndirmək, regionda yaşayan gəncləri ictimai fəaliyyətə ruhlandırmaq, turizm sektoruna maraqlarını artırmaq və gənclər turizmi fəaliyyətinə onları stimullaşdırmaqdan ibarət olmuşdur. Layihədə əsasən turizm ixtisasında təhsil alan tələbələr iştirak etdiyindən, eyni zamanda layihə Bakıda turizm ixtisasında təhsil alan tələbələrlə Gəncə tələbələri arasında təcrübə mübadiləsi xarakterini də daşımışdır.
Layihənin ilk günü 30 noyabr 2007-ci il tarixində layihə iştirakçıları Azərbaycan Texnologiya Universitetində oldular. Turizm ixtisaslı tələbələrlə görüşdən sonra, layihə təşkilatçıları Azərbaycan Texnologiya Universitetinin Tələbə Gənclər Təşkilatının sədri və qrup nümayəndələrinin iştirakı ilə “Gənclər turizmi” mövzusunda seminar təşkil etdilər. Universitetin rektoru Telman Məlikov da seminara qatılaraq, bu tədbiri çox yüksək qiymətləndirdi və tələbələrə öz tövsiyyələrini verdi.
Günün ikinci yarısı layihə iştirakçıları Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin gənclər sektorunun rəisi Elçin Veysovla görüşdülər. Elçin Veysov da öz növbəsində bu tədbiri yüksək qiymətləndirdi və bu cür turların davamlı olmasını arzuladığını bildirdi. Bu görüşdən sonra iştirakçılar Gəncə şəhərinə ekskursiya etdilər. Ekskursiya zamanı Gəncə şəhərində olan tarixi-memarlıq abidələrinə, tarixi-diyarşünaslıq muzeyinə və digər turistik məkanlara səfər edildi. Daha sonra layihə iştirakçıları “Gələcəyə Körpü” GİB-nin ofisində oldular. Təşkilat rəhbəri Müşviq Cəfərov iştirakçılara təşkilat haqqında dəyərli məlumatlar verdi. İştirakçılar da öz növbəsində layihənin məqsədi və gələcək əməkdaşlıqlarla bağlı təşkilat rəhbərinə öz fikirlərini bildirdilər. Layihənin ilk gününün sonunda Gəncə Olimpiya Kompleksində layihə iştirakçıları üçün diskoteka təşkil olundu.
1 dekabr 2007-ci il tarixində layihə iştirakçıları ilk öncə Xanlar rayonunda oldular. Burada rayonun Gənclər və İdman idarəsinin rəisi Zaur Abbasovla görüş oldu. Zaur Abbasov iştirakçılara Xanlar rayonu haqqında maraqlı məlumatlar çatdırdı və bu cür layihənin təşkil olunmasından çox məmnun olduğunu bildirdi və iştirakçılara uğurlar arzuladı. İştirakçılar sonra Hacıkəndə yola düşdülər. Hacıkəndə havanın qarlı olması turun sonunu daha da maraqlı etdi.
Layihə təşkilatçıları bu cür turun tək turizm ixtisaslı tələbələr üçün yox, eləcə də digər gənclər üçün də təşkilinin mümkün olduğunu bildirdilər və bu pilot layihənin təşkilini çox yüksək qiymətləndirdilər.
Layihənin ardı olaraq növbəti görüşlərdən biri Bakı şəhərində Gəncədə təhsil alan tələbələr üçün keçirilməsi nəzərdə tutulub. Bakı şəhərində təhsil alan Azərbaycan Gənclər Turizm Klubunun üzvləri isə layihənin sonunda Bakıya qayıdarkən Mingəçevir şəhərində də oldular.
|